Dil seçimi

Risklərin İdarə Edilməsi

“Ziraat Bank Azərbaycan” ASC, bankın strateji planına və biznes modelinə uyğun olaraq, öz risk profilini müəyyən etməklə, məruz qala biləcək risklərin təsbit edilməsi, ölçülməsi, minimallaşdırılması və idarə olunması istiqamətində adekvat tədbirlər həyata keçirir. Bankda risklərin idarə edilməsi prosesi Mərkəzi Bankın “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ına, Bankın “Risklərin idarə edilməsi üzrə daxili Qaydaları”na, Banklara nəzarət üzrə Bazel Komitəsinin müvafiq prinsiplərinə, habelə risklərin idarə edilməsi üzrə digər beynəlxalq standartların tələbləri əsasında təşkil olunmuşdur. Risklərin idarə edilməsi prosesi Bankın fəaliyyətinin xüsusiyyətinə, əməliyyatların həcminə və mürəkkəbliyinə uyğun risklərin idarə edilməsi və daxili nəzarət sisteminin qurulmasına, idarəetmə mexanizminin effektiv işləyişinin təmin edilməsinə istiqamətlənmişdir.

“Ziraat Bank Azərbaycan” ASC, risklərin idarə edilməsi istiqamətində müəyyən etdiyi əsas risk faktorları üzrə bank tərəfindən həyata keçirilən kompleks tədbirləri, o cümlədən risklərin idarə edilməsi işinin təşkilini özündə ehtiva edən “Risklərin idarə edilməsi Siyasəti”ni hazırlamışdır. Bankın əsas risk faktorlarının idarə edilməsini nəzərdə tutan metod və üsulları isə “Risklərin idarə edilməsi üzrə daxili Qaydaları”nda ətraflı şəkildə göstərilmişdir.  

Risklərin idarə edilməsi üzrə bankın struktur bölməsi risklərin müəyyən olunması, qiymətləndirilməsi prosesində müxtəlif ölçmə metodlarından istifadə edərək, təsbit olunan risklərin idarə edilməsi, ötürülməsi və qəbul edilməsi yönündə müvafiq olaraq təkliflər hazırlayır. Bankın maliyyə risklərinə dayanıqlığının daim sabit saxlanılması məqsədilə bölmə tərəfindən müxtəlif biznes ssenarilər nəzərə alınmaqla, stress-testlər həyata keçirilir. Aparılan stress-test nəticələri barədə Bankın rəhbərliyi məlumatlandırılır və aşkar olunan boşluqların aradan qaldırılmasını nəzərdə tutan tədbirlər planı hazırlanaraq müvafiq qərarların qəbul edilməsi üçün Risklərin İdarə Edilməsi Komitəsinə təqdim olunur. Bankın biznes bölmələrinin fəaliyyəti nəticəsində yaranma ehtimalı olan müxtəlif risklərin aradan qaldırılması məqsədilə Bankın “Fövqaladə Hallar Planı” hazırlanmışdır. 

“Ziraat Bank Azərbaycan” ASC, bank fəaliyyətində maliyyə sabitliyinin qorunması, risklərin idarə edilməsi və şəffaflığının təmin edilməsi məqsədilə effektiv daxili nəzarət sistemini təmin edən idarə etmənin qurulmasını əsas tutmuşdur. Bankın idarəetmə mexanizminin effektivliyinin təşkili və risklərə nəzarəti gücləndirmə məqsədilə, Mərkəzi Bankın Korporativ İdarəetmə Standartları əsas alınaraq daxili komitələr yaradılmışdır. Daxili Komitələr Bankın Müşahidə Şurası tərəfindən verilən səlahiyyətlər çərçivəsində idarə etmə prosesində iştirak edərək, müvafiq struktur bölmələrinin koordinasiyalı şəkildə işləyişinin təmin edilməsi, risklərin idarə edilməsi işinin təşkilinin təkmilləşdirilməsi haqqında təkliflərin qiymətləndirilməsini, bank fəaliyyətinin adekvatlığına nəzarəti həyata keçirir. Komitələr, bank fəaliyyəti nəticəsində qəbul olunan qərarların icra prosesinin effektivliyini və onlar üzərində nəzarəti tənzimləyir.

“Ziraat Bank Azərbaycan” ASC – Daxili Komitələr:

Risklərin İdarə Edilməsi Komitəsi – Bankın risklərinin idarə edilməsi üzrə strategiya, siyasət və qaydalarının təkmilləşdirilməsi məqsədilə edilmiş dəyişikliklərə baxılmasını, risk limitlərinin təyin edilməsi, risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini təşkil edərək, Bankın Müşahidə Şurasına təkliflər hazırlayır. Komitə, fəaliyyətin risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini həyata keçirərək, bankın məruz qaldığı risk vəziyyəti və effektivliyi barədə hesabat hazırlayır.

Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsi – Komitə Bankın biznes prosesində vəsaitlərdən səmərəli şəkildə istifadə edilməsini, aktiv-passivləri üzrə yarana biləcək maliyyə risklərindən qorunması istiqamətində fəaliyyətini təşkil edir. Bankın bazar, likvidlik və faiz riskləri istiqamətində yaranma ehtimalı olan maliyyə boşluqlarının doldurulması üçün maliyyə resurslarından istifadə olunması və maliyyə mənbələrinin təmin edilməsi barədə Müşahidə Şurasına təkliflər hazırlayır.

Kredit Komitəsi – Komitə bankın strateji planına və biznes strategiyasına uyğun olaraq, kredit siyasətinin müəyyənləşdirilməsi, dəyişikliklər və əlavələrin edilməsi məqsədilə Müşahidə Şurasına təkliflər hazırlayır. Kreditlərin verilməsi ilə əlaqədar səlahiyyətlərə, limitlərə, siyasət və qaydalara riayət edilməsini tələb etməklə, bankda kreditlərin verilməsi prosesinin effektiv işləyişinə nəzarəti təmin edir. Komitə kredit portfelinin təhlili ilə onun quruluşu, risklərin idarə edilməsi məqsədilə cəmləşmə riskinin azaldılması üçün portfelin düzgün diversifikasiyasına nəzarət edilməsini təşkil edir.

Mükafatlandırma Komitəsi – Komitə verilmiş səlahiyyətlər çərçivəsində Mükafatlandırma Siyasətinin tətbiqi ilə bağlı bankın daxili prosedurlarının hazırlanmasını və bu prosedurların risklərin idarə edilməsi qaydalarına uyğunluğunun təmin olunmasını, mükafatlandırma sisteminin səmərəliliyinin qiymətləndirilməsini və bu prosesə nəzarəti həyata keçirir.

İnformasiya Texnologiyaları Komitəsi – Bankın fasiləsiz işləyişinin tələblərinə müvafiq olaraq, informasiya təhlükəsizliyinin təmin olunmasını, informasiya texnologiyaları sisteminin monitorinqi və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini həyata keçirir.

Risk Siyasəti