Bazar riskləri maliyyə bazarında faiz dərəcələrinin, valyuta məzənnələrinin, qiymətli kağızların və bank məhsullarının qiymətlərində baş vermiş dəyişikliklərlə əlaqədar meydana gələn itkilərdir.
Bank sektorunda bazar risklərinə aşağıdakı risklər aiddir:
Faiz riski: Bankın faiz dərəcələrinin mənfi istiqamətdə dəyişməsi nəticəsində yaranan riskdir. Faiz riskinin yaranma səbəbləri olaraq: faiz dərəcələrinin dəyişməsi, aktiv-passivlər üzrə faizlərinin müddətləri bölgüsünün uyğunsuzluğu, faiz üzrə marjanın dəyişdirilməsi kimi faktorlar səbəb ola bilir.
Valyuta riski: Bankın xarici valyutada balans və balansdankənar strukturunda olan qiymətlilərinin dəyərlərinin, valyuta məzənnələrinin mənfi istiqamətdə dəyişməsi nəticəsində zərərin yaranması riskidir. Bu riskin əsas yaranma səbəbi olaraq, bankın aktiv-passivlər strukturunda xarici valyuta həcminin uyğunsuzluğu, maliyyə sektorunda valyuta məzənnələrinin ciddi mənfi dəyişkənliyi kimi vacib faktorlar təsir edir.
Kapital riski: Qiymətli kağızlar portfelinin keyfiyyətinin pisləşməsi nəticəsində yaranan riskdir. Bu risk qiymətli kağızlar bazarında spekulyasiya məqsədləri üçün istifadə edilən kapitalın derivativ vasitələrinə təsir göstərir.
Bazar risklərinin idarə olunmaması nəticəsində bank ciddi maliyyə itkiləri ilə qarşılaşa bilər. Bu məqsədlə “Ziraat Bank Azərbaycan” ASC bazar risklərinin idarə edilməsi prosesində, maliyyə bazarında baş verən dəyişikliklərə uyğun adaptasiya olunmaqla, risklərin minimallaşdırılması üçün adekvat tədbirlər görür. Bank tərəfindən faiz dərəcələrinin, valyuta məzənnələrinin dəyişkənliyinə həssaslıq təhlilləri aparılmaqla, ehtimal olunan itkilərin qarşısının alınması üçün müvafiq tədbirlər təşkil edilir. Kapital risklərindən yayınmaq məqsədilə, qiymətli kağızlar portfelinin sağlam idarə edilməsi, valyuta riskinin idarə edilməsində hedjinq (opsion, svop) əməliyyatlarının aparılması ilə həyata keçirilir.