Ziraat Bank Azərbaycan-ın rəhbərliyinə yeni təyinatlar.

Bankdaxili rotasiyalar ilə bağlı bankımızın rəhbərliyində yeni təyinatlar baş tutub. Belə ki, dəyişikliklərə əsasən Dr. İlker Met Müşahidə Şurasının sədri, Dr. Selçuk Demir isə İdarə Heyətinin Sədri vəzifələrinə təyin edilib. Yeni təyinatlarla bağlı bankdaxili tədbir keçirilmiş və İdarə Heyətinin yeni sədri ilə komanda tanış olmuşdur.

Tədbirdə Avni Demirci Ziraat Bank Azərbaycanın uğurları və nailiyyətləri haqqında danışdı. 2015-ci ildə, çox qısa bir müddət ərzində, bankın qurulmasını tam yekunlaşdırmaqla, Azərbaycan bank sektorunda mühüm yerə sahib çıxaraq,  Ziraat-a məxsus, xüsusi kredit anlayışını gətirdiyini və  bankın müştəri yönümlü bir çox yeni addımlar atmağa nail olduğunu qeyd etdi. Bankın tarixindən danışarkan Avni Demirci bildirdi: “Ziraat Bank Azərbaycanın yarandığı gündən qurucu İdarə Heyətinin Sədri vəzifəsini icra etdiyim və indi də çox dəyərli bir həmkarıma vəzifəmi təhvil verdiyim üçün xoşbəxtəm. Vəzifəmi çox böyük fəxr hissi ilə Selçuk bəyə təhvil verirəm və ona bol-bol uğurlar, daha da böyük nailiyyətlər arzulayıram. Əminəm ki, Selçuk bəyin rəhbərliyi altında bank yeni, daha da uğurlu mərhələyə çıxacaq.”  Dr. Selçuk Demir, öz növbəsində Ziraat Bank Azərbaycanın Avni bəyin rəhbərliyi altında, qısa bir müddət ərzində əldə etdiyi uğurlardan danışaraq, bu illər ərzində göstərdiyi fəaliyyətə və arzularına görə təşəkkürünü bildirdi. 

Dr.Selçuk Demir bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Anadolu Universitetinin Biznesin İdarəedilməsi, İstanbul Ticarət Universitetinin Beynəlxalq Bankçılıq və İstanbul Universitetinin İqtisadiyyat bölmələrinin məzunudur. İqtisad üzrə fəlsəfə doktorudur. Ziraat Bank komandasına 2001-ci ildə qoşulmuşdur. Fərqli illərdə Ziraat Bank-ın müxtəlif filiallarının müdiri, qrup rəhbəri, bölgə koordinatoru vəzifələrində çalışmışdır. Son olaraq Ziraat Bank İstanbul-1 Bölgə Müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

 Ziraat Bank Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Ziraat Bank Azərbaycanın Müşahidə şurasında da dəyişikliklər baş vermişdir. Belə ki, Müşahidə Şurasının sədri Bilgehan Kuru öz vəzifələrini Dr.İlker Mete təhvil vermiş, Tahir Demirkıran və Zaffer Aydını isə Altan Güler və Kemalettin Bayat əvəz etmişlər. Qeyd edək ki, Dr. İlker Met həmçinin İnsan Resursları üzrə Ziraat Bank-ın Qrup Rəhbəridir.  Müşahidə Şurasını təmsil edən hər üç şəxs uzun müddətdir ki, Ziraat Bank-da çalışır və bank sahəsində zəngin təcrübəyə malikdirlər.