Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edilmişdir.
Kapital artımı bankın əsas səhmdarı olan T.C.Ziraat Bankası A.Ş. –nin vəsait qoyuluşu hesabına baş vermişdir.
Nizamnamə kapitalının artımı 15 mln 500 min manat və ya 31 % təşkil etmişdir. Dəyişiklikdən sonra “Ziraat Bank Azərbaycan” ASC-nin nizamnamə kapitalı 65 mln manata yüksəlmişdir. Qeyd edək ki, kapital artımı nəticəsində səhmdarların payları nisbətində dəyişiklik baş verməmişdir. Beləliklə də bankın əsas səhmdarları T.C. Ziraat Bankası səhmlərin 99.98%, Ziraat Teknoloji ASC 0.01% və Ziraat Yatırım Menkul Değerler 0.01% hissəsinə sahib olmaqdadır.
Kapital artımında əsas məqsəd, bankın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin etməkdən ibarətdir. Eyni zamanda nizamnamə kapitalının artımı bankın real sektora kredit qoyuluşlarının həcminin artırılmasına da xidmət edəcəkdir.
“Ziraat Bank Azərbaycan” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Linkedin, Instagram, Twitter, Facebook sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.